Logo

Naxcıvan Dövlət Universitetində Beynəlxalq Ana Dili günü qeyd edilib

18.02.2022 17:16 997 baxış
IMG

Naxcıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsində Beynəlxalq ana dili gününə həsr olunmuş elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Azərbaycan dilinin inkişafı və qrammatikasından, dilin bir millətin, xalqın həyatında önəmindən danışıb. Bildirilib ki, Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 1999-cu ildə keçirilən Baş Konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci il fevralın 21-dən qeyd edilir. Ölkəmiz müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, dil sahəsində də yeni qanunların qəbul edilməsi, ana dilimizin qorunması, inkişaf etdirilməsi, bütün idarə və təşkilatlarda dövlət dili kimi tətbiq edilməsi istiqamətində qətiyyətli addımlar atılıb. Bildirilib ki, 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilib. Vurğulanıb ki, ölkə başçısının qəbul etdiyi çoxsaylı dövlət sənədləri müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, dilimizə dövlət səviyyəsində göstərilən qayğının ifadəsidir.

Diqqətə çatdırılıb ki, bu gün muxtar respublikada dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. 

“Ana dilim, doğma dilim” mövzusunda çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Arifə Zeynalova dilin millətin əsas meyarlarından olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. 

Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nicat Yaqubov “Dilimizə dövlət qayğısı” adlı çıxışında Azərbaycan dilinin geniş təbliğ olunmasında, dünya dilləri arasında öz layiqli yerini tutmasında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Ulu Öndərin Azərbaycan dilinə diqqət və qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyi vurğulanıb. 

Tədbirdə tələbələr ana dilimizə həsr olunmuş şeirlər bədii qiraət ediblər. 

Xatırladaq ki, Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

Xəbər lenti